Modul 1: Suvarma sistemlərinin quraşdırılması
Suvarma planının tərtib edilməsi
Müasir dövrdə kənd təsərrüfatı və bağçılıq sahəsində rentabelliyi artıran əsas amillər intensiv suvarma sistemlərinin tətbiqi ilə sıx əlaqəlidir.
Düzgün hazırlanmış suvarma planı quraşdırılacaq uğurlu suvarma sisteminin nəzəri əsasını təşkil edir. Suvarma planının hazırlanması üçün suvarılacaq ərazinin xəritəsi, relyefi, ərazinin sahələr üzrə bölgüsü, əkin növü, torpaq və su xüsusiyyətləri, su mənbəyi və seçiləcək su nasos sisteminin növü haqqında məlumatlar əldə olunmalıdır.
- Ərazinin xəritəsi – suvarma quraşdırılacaq ərazinin yerləşmə planı, ümumi sahəsi və ölçüləri;
- Ərazinin relyefi – plan üzərində ərazinin mövcud maililiyi, topoqrafik kodlarla nişanlanmış səthin alçaqlıq və hündürlükləri;
- Ərazinin sahələr üzrə bölgüsü – ərazinin əkin növü və kvartallar üzrə bölgüsü, kvartallar arası və kənar yolların nişanlanması;
- Əkin növü – əkiləcək bitkinin növü və ya landşaft planı (dendroplan);
- Torpaq və su xüsusiyyətləri – əkin aparılacaq ərazinin mövcud torpaq strukturu və suvarmada istifadə ediləcək suyun tərkibi;
- Su mənbəyi – suvarma sistemini qidalandıracaq su mənbəyinin ümumi planda yeri və növü (süni rezervuar, göl, axar su, artezian quyusu və sair);
- Nasos sisteminin növü – elektrik təminatı olduqda elektrikli nasos, əks halda benzin və ya dizel motopompa.
Toplanmış bu məlumatlar əsasında müvafiq suvarma planının hazırlanmasına başlana bilər. Suvarma planının hazırlanması tətbiq sahəsinin və suvarma növünün seçimi ilə başlayır.
İntensiv suvarma sistemləri tətbiq sahəsinə görə iki qrupa bölünür:
- Kənd təsərrüfatı. Kənd təsərrüfatı qrupuna meyvə bağları, tərəvəz, bostan bitkiləri, yemlik otlar, dənli bitkilər və ümumilikdə bütün tarla bitkiləri aid edilir.
- Landşaft. Landşaft qrupuna parklar, asudə və istirahət guşələri, özəl bağ evlərinin həyətləri, stadionlar və ümumilikdə yaşıllaşdırma sahələri aid edilir.
Tətbiq sahəsindən asılı olmayaraq intensiv suvarma sistemləri ümumilikdə iki növə bölünür:
- Damcılı suvarma sistemi. Suyun torpaq üstü və ya torpaq altı borular üzərindəki (daxilindəki) damladıcılar (dripperlər) vasitəsilə bitkilərin kök sisteminə verilməsi;
- Çiləmə suvarma sistemi. Suyun çiləyicilər vasitəsilə bitkilərin həm yarpaq, həm də kök sisteminə verilməsi.
Bu növlər təzyiqli suvarma adlanır (təzyiqsiz səthi şırım suvarmadan fərqli olaraq burada su qapalı sistem vasitəsilə təzyiqlə ötürülür). Hər iki növ haqqında qarşıdakı bölmələrdə daha ətraflı məlumat veriləcək.
Mövzunun daha dərindən mənimsənilməsi üçün ardıcıllıqla intensiv suvarma sistemlərinin üstünlükləri, strukturuna görə torpaq növləri və onların sukeçiriciliyi, su və bitkinin qarşılıqlı əlaqəsi, suvarmada istifadə olunan əsas anlayışlar və terminlər haqqında qısa məlumatın öyrənilməsi məqsədəuyğun hesab edilir.
İntensiv suvarmasistemlərinin üstünlükləri
- Su sərfinə 2-3 dəfə qənaət.
- İşçi qüvvəsinə qənaət.
- Bitkilərin bərabər suvarılması.
- Bitkilərin kök sisteminin daha yaxşı formalaşması və suvarılması.
- Ərazinin bərabər gübrələnməsi.
- Qısa müddətdə böyük ərazilərin bərabər suvarılması.
- Relyefi fərqli yerlərin asan suvarılması.
- Məhsuldarlığın artımı.
- Torpağın humus qatının qorunub saxlanması.
- Gübrə məsrəflərinin 40%-dək azaldılması.
- Verilən suyun 90%-nin bitki tərəfindən mənimsənilməsi.
- Torpaq qatının lokal islanması səbəbindən alaq otlarının azalması.
- Torpağın məsaməliyini qoruması və bitki kök sisteminin aerasiyasını intensivləşdirməsi.
- Suvarılma zamanı torpağın üst qatının quru qalmasının daha yaxşı fitosanitar şərait yaratması və xəstəliklərin yayılma ehtimalını azaltması.
Strukturuna görə torpaq növləri və onların sukeçiriciliyi
Bitkilər üçün qida elementlərinin “anbarı” olan torpaq su və gübrələrin kök sisteminə ötürülməsində əsas vasitəçidir. Torpaq bitki kökləri üçün bərkidilmə yeri və su rezervuarıdır. Fiziki xüsusiyyətlərindən asılı olaraq torpaqlar müxtəlif növlərə bölünür. Bəzən torpağın növü əkiləcək bitki çeşidini və quraşdırılacaq suvarma növünü təyin edir.
Torpağın fiziki quruluşu tərkibindəki müxtəlif ölçülü mineralların (qum, lil, gil) nisbəti əsasında müəyyənləşdirilir. Torpağın quruluşunu asan yolla müyyən etmək üçün onu 2 mm-lik ələkdən keçirmək lazımdır. Ələndikdən sonra ələk toru üzərində yalnız üzvi maddələr qalacaq, minerallar (hissəçiklər) isə ələkdən keçəcək. Ələkdən keçmiş qum, lil və gilin faiz nisbətini müəyyən etmək üçün nümunəni uzun və şəffaf silindrik qaba qoyub üzərinə su tökərək yaxşıca qarışdırdıqdan sonra çökməsini izləmək lazımdır. Qum bir dəqiqədən sonra, lil 2-3 saat ərzində, gil isə yalnız 18-24 saatdan sonra çökəcək.
Torpaqların təsnifatı və hissəciklərin ölçüləri cədvəli
Fraksiya (mineral) | Ölçüsü (mm) |
Gil | 0,002-dən kiçik |
Lil | 0,002-0,05 |
Qum | 0,05-2,0 |
Çınqıl | 2,0-dən yüksək |
Tərkibində iri hissəciklər üstünlük təşkil edən torpaqlar yüngül, kiçik hissəciklər (gil) üstünlük təşkil edən topraqlar isə ağır torpaqlar hesab olunur. Bu təsnifata görə torpaqlar 12 kateqoriyaya bölünür. Torpaqdakı su və havanın nisbəti torpağın fiziki quruluşu ilə əlaqəlidir. Ağır (gilli) torpaqların sukeçiriciliyi və havalandırılması (aerasiya) aşağı olsa da su saxlama (hopdurma) xüsusiyyəti yüksək olur. Yüngül torpaqlarda isə, əksinə, sukeçiricilik və havalandırılma yüksək, su saxlama xüsusiyyəti isə aşağı olur.
Suyun torpağa nüfuz etməsi və yayılması göstəricisi – infiltrasiya səviyyəsi adlanır. Suvarma normativləri təyin edilərkən bu göstərici mütləq nəzərə alınmalıdır. Yuxarıda qeyd edildiyi kimi, infiltrasiya səviyyəsi torpağın fiziki strukturundən asılıdır.
Suvarma layihələrinin hazırlanmasında suyun torpağa hopma sürəti (infiltrasiya sürəti) əsas amillərdən biri kimi qəbul olunur. Bu sürət göstəricisi torpağın struktur və kipliyindən birbaşa asılıdır. Hopma sürəti suvarma arası müddət ərzində dəyişir. Gilli və gilli-lilli torpaqlarda suvarma müddəti ərzində hopma sürəti kəskin azalır.
- İlk 30 dəqiqədə hopma sürəti saatda 20 mm təşkil edir;
- 1 saatdan sonra: saatda 12 mm;
- 2 saatdan sonra: saatda 8 mm;
- 3 saatdan sonra: saatda 5 mm
- 4 saatdan sonra: saatda 4 mm
Sahədə texnikanın işləməsi və ya suyun yüksəkdən tökülməsi səbəbindən torpağın kipləşməsi hopma sürətini daha da aşağı salır. Hopma sürətinin saatda 2,5 mm-dən az olması zəif, 10-25 mm arasında olması orta, 50-250 arasında olması yüksək göstərici kimi qəbul edilir.
Bitki kökləri tərəfindən torpaqda mövcud olan nəmliyin mümkün mənimsənilməsi dərəcəsi əlçatan torpaq nəmliyi adlanır. Əlçatan topraq nəmliyi torpaq strukturundan birbaşa asılıdır.
Müxtəlif strukturlu torpaqlarda əlçatan torpaq nəmliyi
0-1000 mm dərinlikdə əlçatan torpaq nəmliyi (m³/ha) | |
Gil | 1550 |
Lilli (tozlu) gil | 1450 |
Qum | 450 |
Buxarlanma
Buxarlanma suyun maye halından qaz halına keçməsinə deyilir. Buxarlanma iqlimin təsiri və bitkinin yarpaq kütləsi vasitəsilə (transpirasiya) baş verir. Su ilə kifayət qədər təmin olunmuş ərazilərdə temperatur yüksəldikcə buxarlanma da artır. Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. Buxarlanmadan suvarma vaxtı və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlılığına görə rayonlaşdırılmasında istifadə olunur. Suyun torpaq səthindən buxarlanması və bitkilər tərəfindən mənimsənilməsi nəticəsində topraqda toplanmış su ehtiyatları tədricən tükənir.
Köklərdən gövdəyə, budaqlara, oradan isə yarpaqlara ötürülən su bitkini yaşadan əsas amildir. Yarpaqlarda toplanan su onları artıq qızmadan qoruyur, fotosintez prosesini və maddələr mübadiləsi təmin edir. Yarpaqlardan su atmosferə buxarlanır. Gənc yarpaqlar daha çox suyu buxarlandırır. Yarpağın alt hissəsindən üst hissəsinə nisbətən 4-5 dəfə daha çox su buxarlanır. Bir bitki (pambıq, qarğıdalı, günəbaxan) vegetasiya dövrü ərzində 170-190 litr su buxarlandırır.
Kənd təsərrüfatında bir sutka ərzində bir kvadrat metr sahədən neçə mm suyun buxarlanması hesabatı əsasında suvarma norması təyin edilir. Azərbaycanda isti yay aylarında bir kvadrat metr sahədən bir sutka ərzində orta hesabla 4-6 mm su buxarlanır. Bu göstərici iqlim, torpaq strukturu, bitki örtüyünün sıxlığı və sair amillərdən asılıdır. Hər millimetr su 1 litr suya mütənasibdir. Yəni, bir kvadrat metr sahədən bir sutka ərzində 6 mm buxarlanma 6 litr suya bərabərdir.
Bir hektar (ha) sahədən (1 ha = 100 metr x 100 metr = 10 000 m²) sutkalıq buxarlanma 6 mm olduğu təqdirdə 1 ha ərazidən bir sutka ərazində 60 m³ (1 m³ = 1 000 litr x 60 m³ = 60 000 litr) su buxarlanır. Buxarlanmış su tələb olunan suvarma normasını müəyyən edir. Suvarma normasının müəyyən edilməsində buxarlanma səviyyəsi əsas götürülsə də bitkinin növü, yaşı, kök sisteminin quruluşu, öz altını kölgələndirmə xüsusiyyəti, torpağın strukturu və bitkinin veqetasiya dövrü də mütləq nəzərə alınmalıdır. Misal üçün, yeni əkilmiş 1 ha meyvə bağının su norması 5 illik yetişkən eyni növ meyvə bağının su norması ilə eyni ola bilməz.
Lokal ərazilərdə dəqiq su buxarlanmasını izləmək və suvarma normasını müəyyən etmək üçün müxtəlif növ ölçmə üsullarından və cihazlarından istifadə edilir. Sadə üsullardan biri müəyyən edilmiş suvarma intervalları arasında qazıntı vasitəsilə müxtəlif dərinliklərdə nəmlik dərəcəsini canlı təmas yolu ilə yoxlamaqdır. Buxarlanma səviyyəsinin ölçülməsi üçün xüsusi buxarlanma qabları istifadə edilir. Digər geniş istifadə edilən üsülda torpaq ovuc içində sıxılır və ovuc açıldıqda torpaq parçalanaraq tökülərsə nəmliyin 70%-dən az olmasına, kip qalarsa nəmliyin 70-80%, sıxıldıqda torpaqdan su sızılarsa 80%-dən artıq olmasına işarə edir. Nəmlik dərəcəsinin daha dəqiq və praktiki ölçülməsi üçün isə tenziometr, tezlikli reflektometr, neytron cihaz və digər alətlərdən istifadə edilir (Şəkil 1).
Torpaqda nəmliyin normadan yüksək və ya aşağı olması mənfi hal hesab olunur. Nəmlik yüksək olduqda kök sistemində hava mübadiləsi (aerasiya) zəifləyir, mineralların mənimsənilməsi nizamı pozulur, müxtəlif növ zərərli bakteriyalar aktivləşir. Nəmlik normadan aşağı olduqda isə vegetasiya prosesi zəifləyir, yarpaqlar solur, bitki stres keçirir və məhv olma təhlükəsi ilə üz-üzə qalır. Bəzi hallarda aqronomlar davamlı, lakin qısa intervallı suvarma aparmaqla torpaq qatının yalnız üst qatını nəm saxlayırlar kı, bitki köklərinin dərinə getməsinin qarşısı alınsın və aktiv kök sistemi üst hissədə formalaşsın. Digər hallarda isə, əksinə, uzun intervallı, lakin bol suvarma aparmaqla kök sisteminin dərinə şaxələnməsi stimullaşdırılır.
Bir çox bitkilər üçün torpağın optimal nəmlik səviyyəsi 70-80% (quru torpaq çəkisinin faiz nisbətində tərkibindəki suyun miqdarı) qəbul olunur.
Su, torpaq və bitkinin qarşılıqlı təsiri
Digər canlılar kimi, bitkilərin də tərkibi 75-90% sudan ibarətdir. Veqetativ orqanlardan su ilə ən zəngin olanı 85%-i sudan ibarət olan yarpaqlardır. Bəzi bəhərlərdə isə suyun miqdarı belədir: kartof – 80%, qarpız – 92%, pomidor – 94%, xiyar – 96%. Bir litr sudan bitki yalnız 2-3 qramını sintetik birləşmələrə (quru maddənin hazırlanmasına) sərf edir, digər hissə isə transpirasiya yolu ilə buxarlanır. Su bitki üçün fotosintez prosesində, üzvi maddələrin yaradılmasında, elementlərin mənimsənil¬məsində, hüceyrələrdə biokimyəvi və biofiziki reaksiyaların baş verməsində əsas vasitədir
Bitki hüceyrələri suyu osmos və hopdurma vasitəsilə mənimsəyir. Hopdurma prosesi bitkinin hüceyrəarası boşluqlarında hidrogen atomlarının sellüloza ilə birləşməsidir. Osmos prosesi isə sukeçirici membran vasitəsilə suyun duzların daha az toplanmış sahələrdən duzların daha çox toplanmış sahələrə hərəkətidir. Suyun və qida maddələrinin torpaqdan əmilməsini kök saçaqları təmin edir. Bitki suyu və qida maddələrini yüksəkdə yerləşən yarpaqlara ksilema (lifli damarlar) vasitəsilə ötürür (Şəkil 2). Yarpaqlardan isə su yenidən atmosferə ötürülür. Köklərdən su alan yarpaqlar fotosintez nəticəsində günəşdən aldıqları enerjini saxarozaya çevirərək onu geri, köklərə ötürərək onları qidalandırır. Kök sisteminin aktiv hüceyrələri digər canlılar kimi, oksigen vasitəsilə nəfəs alır. Bu səbədən, torpaqda oksigen çatışmazlığı (buna artıq nəmlik də səbəb olur) səbəbindən bitkilər solur və boğulur. Bu möcüzəvi proses dəqiqliklə icra olunur. Köklər yarpaqlara su və minerallar ötürür, əvəzində isə yarpaqlar kökləri qidalandırır (Şəkil 3).
Torpaqda kifayət qədər su olmadıqda bitki su axtarışını aktivləşdirmək üçün kök sistemini genişləndirməli olur və buna çoxlu enerji sərf edir. Belə halda bitkinin və meyvənin inkişafı ləngiyir. Bu səbəbdən, yüksək məhsuldarlıq əldə etmək üçün torpaqdakı nəmlik səvviyyəsi suvarma sistemi vasitəsilə daim optimal vəziyyətdə saxlanmalıdır.
Torpağın sukeçiricilik xüsusiyyəti suvarma norma və intervallarının düzgün nizamlanmasını vacib edir. Misal üçün, sukeçiriciliyi yaxşı olan torpada 50 litr su 5 saat ərzində verilə bilərsə, gilli torpaqda eyni miqdarda suyun 10 saat ərzində verilməsi məqsədəuyğundur. Əks halda, torpağın altına hopmağa imkan tapmayan su gölməçələr əmələ gətirir. Bu isə torpağın şoranlaşmasına və deqradasiyasına səbəb olur.
Suvarma sisteminin düzgün layihələndirilməsi üçün müəyyən edilmiş torpaqda suyun hərəkətini dəqiq təsəvvür etmək lazımdır. Su torpağın bir nöqtəsinə tədricən düşdükdə ona cazibə qüvvəsi (aşağıya doğru) və kapilyar əlaqə (kənarlara doğru) təsir edərək yayılma və hopma xüsusiyyətlərini formalaşdırır. Qumsal torpaqda məsaməlilik yüksək olduğundan kapilyar əlaqə zəifləyir və cazibə qüvvəsinə qarşı müqavimət azalar. Belə halda, suyun yanlara doğru hərəkəti zəifləyir, aşağıya doğru hərəkəti isə sürətlənir. Bu səbəbdən, qumsal torpaqlarda islanma daha çox dərinliyə doğru nüfuz edir, yan istiqamətlərə doğru islanma isə olduqca zəif olur. Bunun əksi olaraq, gilli torpalarda kapilyar əlaqə aktiv olduğundan suyun yanlara doğru hərəkəti və hopdurma xüsusiyyəti yüksək, aşağıya doğru hərəkəti isə zəif olur. Kipləşdirilmiş (tapdanmış) gilli torpaqlarda suyun aşağıya doğru hərəkəti olduqca yüksək olduğundan suvarmada ciddi problemlər baş verə bilər. Tərkibində gil və qumun qarışığı olan torpaqlar suyun həm aşağıya, həm də yanlara doğru hərəkəti xüsusiyyətinə görə ideal hesab olunur. Torpağın tərkibində üzvi maddələrin (humus-çürüntü) olması onun sukeçirmə qabiliyyətini daha da yaxşılaşdırır.
Torpağın sukeçiricilik xüsusiyyəti suvarma norma və intervallarının düzgün nizamlanmasını vacib edir. Misal üçün, sukeçiriciliyi yaxşı olan torpada 50 litr su 5 saat ərzində verilə bilərsə, gilli torpaqda eyni miqdarda suyun 10 saat ərzində verilməsi məqsədəuyğundur. Əks halda, torpağın altına hopmağa imkan tapmayan su gölməçələr əmələ gətirir. Bu isə torpağın şoranlaşmasına və deqradasiyasına səbəb olur.
Şəkil 1. Tenziometr – nəmlik ölçmə cihazı
Şəkil 2. Gövdə quruluşu
Şəkil 3. Kök və yarpaqlar arasında su, mineral və üzvi maddələrin hərəkəti
Şəkil 4. Kök sisteminin formalaşması
Şəkil 5. Müxtəlif strukturlu torpaqlarda suyun hopma forması
Müxtəlif tərkibli torpaqların islanma radiusu
Torpağın növü | Torpağın orta islanma radiusu (metr) |
İri dənəli qum | 0,15-0,45 |
Kiçik dənəli qum | 0,3-0,91 |
Gilli-qum | 0,9-1,4 |
Gil | 1,2-1,8 |
Müxtəlif növ torpaqlarda intensiv suvarma üsulu ilə islanma dərinliklərinin öyrənilməsi ilə bağlı bir çox eksperimentlər aparılmışdır. Azərbaycanın əkinaltı topraqlarının böyük hissəsini təşkil edən orta gilli (şabalıdı) torpaq növündə islanma dərinliyinə (hopma) görə aparılmış eksperimentlər zamanı aşağıdakı nəticələr əldə edilmişdir:
- 12 saat ərzində bir hektara 80 m³ su verildikdə 70-80 sm dərinliyə və 40-46 sm eninə (ətrafa) islanma;
- 12 saat ərzində bir hektara 140 m³ su verildikdə 90-100 sm dərinliyə və 55-62 sm eninə (ətrafa) islanma;
- 12 saat ərzində bir hektara 200 m³ su verildikdə 110-125 sm dərinliyə və 75-88 sm eninə (ətrafa) islanma.
İsti yay havasında normativə uyğun suvarmadan 3-4 sutka ötdükdən sonra torpaqda həm dərinlik, həm də eninə görə kəskin buxarlanma (quruma) baş verir. Eksperimentlər zamanı ən yaxşı əmsal 12 saat ərzində bir hektara 140 m³ su verilməsi halında əldə edilmişdir (kök sistemi tam inkişaf etmiş yetişkən meyvə ağacları üçün). Bu halda torpağın nəmliyini 80% civarında saxlamaq mümkün olur.
Suvarmada nəzərə alınacaq digər əsas amillərdən biri də torpağın rütubət tutumu xüsusiyyətidir. Bu xüsusiyyət torpağın tərkibi və strukturundan asılıdır. Rütubət azlığından bitkinin torpaqda olan suyu mənimsəyə bilməməsinə solma rütubəti deyilir.
Bitki, torpaq və əkin xüsusiyyətlərinə görə suvarmanın planlaşdırılması
Bitkinin növü, onun kökəmələgətirmə xüsusiyyətləri, əkin sxemi və torpağın strukturu suvarma sisteminin seçiminə təsir göstərir. Müvafiq bitki üçün suvarma sistemi planlaşdırılarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır:
- Bitkinin növü;
- Bitkinin kök sistemi;
- Əkin sxemi (cərgə və bitki arası məsafə);
- Əkiləcək torpağın strukturu;
- Bikinin suya olan tələbatı.
Bitki çeşidindən asılı olaraq suvarmanın damlama və ya çiləmə üsulu ilə olması müəyyənləşir.
Çiləmə vasitəsilə suvarılması tövsiyə edilən bitkilər:
|
|
Damlama vasitəsilə suvarılması tövsiyə edilən bitkilər:
|
|
Damlama və ya çiləmə üsulunun müxtəlif bitkilərin suvarılmasında tətbiqi onların suyu optimal mənimsəmək xüsusiyyəti ilə bağlıdır. Bəzi bitkilərin çiləmə üsulu ilə suvarılması (pomidor, xiyar, çiyələk və sair) göbələk xəstəliklərinin kəskin artmasına səbəb ola bilir.
Torpağın strukturu da suvarma üsulunun seçiminə təsir edir. Gilli və ağır gilli torpaqlarda çiləmə üsulundan istifadə tövsiyə edilmir. Buna səbəb yuxarıdan torpaq üzərinə tökülən çiləyici damcıların torpaq qatını kipləşdirməsidir. Gilli torpaqların məsaməliliyi az olduğundan kipləşməyə və qaysaqlanmaya daha meyillidir. Bu isə bitki toxumunun cücərməsinə və kök atmasına mənfi təsir edir. Belə torpaqların çiləyici üsul ilə suvarılmasına qərar verildikdə isə çiləyicinin su dənəciklərini daha kiçik halda püskürdən növlərinə üstünlük verilməlidir (mikro-çiləyicilər).
Əkin sxemi (cərgə və bitki arası məsafə) və kökəmələgətirmə xüsusiyyəti də suvarma seçiminə təsir edən əsas amildir. Əkin sxeminə uyğun damlama boruları arasındakı sıra məsafəsi və damladıcılar (dripperlər) arasındakı məsafə üzrə seçim edilir. Bitkilər arası məsafə nə qədər yaxın olursa, dripperlər arası məsafə də qısalır. Misal üçün, pomidorun yayılmış əkin sxemi – bitki arası 40-45 sm, cərgə arası isə 50-60 sm-dir. Burada 20-25 sm dripperlər arası məsafəsi olan damlama borularından istifadə edilməsi tövsiyə edilir. Dripperin su verimliliyi (litr/saat) isə torpağın strukturuna bağlıdır. Gilli torpaqların sukeçiriciliyi aşağı olduğu üçün verimliliyi daha az olan dripperlərdən istifadə edilir.
Meyvə ağaclarının suvarılmasında damlama üsulundan geniş istifadə edilir. Bəzi hallarda mikro-çiləyicilərdən də istifadə edilir. Dripperlər arası məsafə ağaclar arası məsafədən asılı olaraq dəyişə bilər. Geniş yayılmış qaydaya görə, ağac arası məsafə 4-5 metrdən çox olmadıqda 50 sm ara məsafəsi ilə daxili dripperləri olan damlama boruları tətbiq edilir. Qumsal torpaqlarda dripperlər arası məsafə qısala bilər. Dripperləri su verimliliyi torpaq strukturu, bitkinin su tələbatına və cərgənin uzunluğuna görə seçilir. Ağaclar arası məsafə 5 m-dən çox olduqda dəliksiz damlama borusundan (daxili dripperi olmayan) və damladıcılardan istifadə edilir. Ağac və kök sistemi böyüdükcə damladıcıların sayı da ildən-ilə artırılır. Ağacın kök sisteminə görə hər cərgəyə tək və ya cüt damlama xəttinin çəkilişi müəyyən olunur.
Şəkil 6. Torpağın müxtəlif dərinliklərində köklərin qəbul etdiyi nəmliyin səviyyəsi
Şəkil 7. Çiləmə suvarma sistemi
Şəkil 8. Damlama suvarma sistemi
Şəkil 9. Dəlikli damlama borusu
Şəkil 10. Damladıcı